10/05/2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Özəl Tibb Müəssisələri Assosiasiyasının rəhbərliyi və üzvləri Fəxri Xiyabanı ziyarət ediblər.
Ziyarət zamanı Assosiasiya nümayəndələri Ulu Öndərin məzarı önünə gül dəstələri düzərək, onun xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərini dərin ehtiramla yad ediblər.
Qeyd olunub ki, Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik prinsipləri və inkişaf siyasəti bu gün də ölkəmizin bütün sahələrində, o cümlədən səhiyyə sistemində uğurla davam etdirilir. Məhz Ulu Öndərin rəhbərliyi dövründə səhiyyə sahəsində mühüm qanunvericilik bazası formalaşdırılıb, “Özəl tibb fəaliyyəti haqqında” və “Tibbi sığorta haqqında” qanunlar qəbul edilərək ölkədə müasir səhiyyə sisteminin inkişafına güclü təkan verilib.
Bildirilib ki, bu qanunlar Azərbaycanda özəl tibb sektorunun inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması və vətəndaşların səhiyyə xidmətlərinə əlçatanlığının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ulu Öndərin “Həkim peşəsi ən şərəfli peşələrdən biridir. Həkim insan sağlamlığının keşiyində dayanır” fikrinin səhiyyə işçiləri üçün daim böyük mənəvi dəyər və məsuliyyət nümunəsi olduğu vurğulanıb.