15/10/2026
Lənkəranda genişmiqyaslı yenidənqurma: 30-dan çox küçədə işlərə başlanılıb - FOTOLAR
Lənkəranda aparılan abadlıq və yenidənqurma işləri, infrastruktur layihələri və rəqəmsal xidmətlərin tətbiqi şəhər sakinləri ilə keçirilən görüşdə müzakirə olunub.
Cənub Media xəbər verir ki, oktyabrın 14-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərin 1 nömrəli sahə inzibati ərazi dairəsinin sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə icra hakimiyyətinin məsul şəxsləri, aidiyyəti qurumların və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
30-dan çox küçədə təmir işləri aparılır
Görüş zamanı şəhərdə həyata keçirilən abadlıq və infrastruktur layihələri barədə məlumat verilib. Bildirilib ki, “Şəhərsalma və memarlıq ili” çərçivəsində Lənkəranın bir sıra küçələrində genişmiqyaslı abadlıq işləri aparılır.
Heydər Əliyev prospekti, akademik Zərifə Əliyeva, Paşa Təhməzov, Mirzə Məmmədhüseyn Axund, Tofiq Aslanov, Səttərxan, Əliağa Vahid, Məhəmməd Əsədov və Şirəli Axundov küçələrində yenilənmə işləri görülür.
Bununla yanaşı, Həzi Aslanov, Xocalı, Əsgər Əliyev adına “Dostluq” və “Veteranlar” parklarının müasir üslubda yenidən qurulması istiqamətində işlər davam etdirilir. Şəhərin giriş hissələrindən başlayaraq bir sıra ərazilərdə piyada yolları yenilənir, çoxmərtəbəli binaların fasadları təmir olunur.
Cari ildə 15 küçənin asfaltlanması tam başa çatdırılıb, əlavə olaraq 30-dan çox küçədə təmir-bərpa işlərinə başlanılıb.
Yeni bina sakinlərə təhvil veriləcək
Şəhərdə yaşayış infrastrukturu ilə bağlı layihələrə də toxunulub. Heydər Əliyev prospektində qəzalı vəziyyətdə olan binanın yerində yeni binanın inşa edildiyi və hazırda son tamamlanma işlərinin aparıldığı bildirilib.
Qeyd olunub ki, yaxın müddətdə mənzillərin sakinlərə təhvil verilməsi nəzərdə tutulur.
Su və kanalizasiya layihəsi hansı mərhələdədir?
Görüşdə şəhər əhalisi üçün mühüm əhəmiyyət daşıyan su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsinin fəal mərhələyə keçdiyi vurğulanıb.
Bundan başqa, Lənkəranda uzun müddətdir gündəmdə olan bərk məişət tullantılarının idarə edilməsi məsələsinə də diqqət çəkilib. Bildirilib ki, rayon üzrə müvafiq layihə 2026-cı il üçün dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısına daxil edilib və yaxın müddətdə işlərə başlanılması planlaşdırılır.
Şəhərdə təmizliyin qorunması məqsədilə 100 yeni zibil qutusunun və bir zibildaşıyan avtomobilin istifadəyə verildiyi də qeyd olunub.
Sakinlər müraciətlərini elektron qaydada da edə biləcəklər
Taleh Qaraşov görüşdə rəqəmsallaşma tədbirləri barədə də məlumat verib. Bildirilib ki, vətəndaş müraciətlərinin və xidmətlərin elektron qəbulu mexanizmləri təkmilləşdirilir.
“Rəqəmsal İcra Hakimiyyəti” layihəsi çərçivəsində sakinlərin müraciət, şikayət və təkliflərini elektron platformalar vasitəsilə daha operativ şəkildə göndərməsi üçün işlər davam etdirilir.
Səyyar qəbul zamanı əvvəlki görüşlərdə qaldırılan məsələlərin icra vəziyyəti barədə də məlumat verilib. İcra başçısı bu cür görüşlərin sakinlərin qayğı və problemlərini birbaşa öyrənmək baxımından əhəmiyyətini vurğulayıb.
Sakinlər çıxışlarında şəhərdə aparılan tikinti-abadlıq işlərinin və rəqəmsal yeniliklərin gündəlik həyata təsirindən danışaraq yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.