14/07/2026
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstan Respublikasının "Rudnıy Şəhər Çoxprofilli Xəstəxanası" Dövlət Müəssisəsi və "Medikara Rayon Xəstəxanası" Dövlət Müəssisəsi arasında ikitərəfli əməkdaşlıq haqqında memorandumlar imzalanıb.
Memorandumlar çərçivəsində tərəflər mama-ginekologiya və reproduktiv sağlamlıq sahəsində elmi-praktik əməkdaşlığın genişləndirilməsi, müasir tibbi bilik və təcrübənin qarşılıqlı paylaşılması, mütəxəssis hazırlığı, birgə elmi tədqiqatların aparılması, konfrans, seminar və təlimlərin təşkili, həmçinin innovativ tibbi texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq edəcəklər.
Bu əməkdaşlıq beynəlxalq elmi əlaqələrin möhkəmləndirilməsinə, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə və qadın sağlamlığı sahəsində qabaqcıl təcrübələrin paylaşılmasına mühüm töhfə verəcək.
Elmi biliklərin paylaşılması, peşəkar əməkdaşlığın inkişafı və ortaq layihələrin həyata keçirilməsi naminə atılan bu addım tərəflər arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın əsasını təşkil edir.