21/09/2026
18.09.2026-cı il tarixində Pirallahı Tibb Mərkəzində “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Təlim TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Təlimlərin idarəolunması şöbəsinin aparıcı məsləhətçisi Ağayev Sərxan Savadxan oğlu tərəfindən keçirilib.
Təlimdə Pirallahı Tibb Mərkəzinin direktoru Şöhrət Söyziyev, direktorun müavini–baş həkim Fəranə Gözəlova, baş və böyük tibb bacıları, eləcə də aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.
Təlimin əsas məqsədi tibb işçilərinin peşəkar fəaliyyət zamanı etik və davranış normalarına riayət etməsi, pasiyentlərlə düzgün və effektiv ünsiyyətin qurulması, tibbi xidmət zamanı pasiyent hüquqlarına və ləyaqətinə hörmətlə yanaşılması, həmçinin əməkdaşların peşəkar məsuliyyət və davranış standartları barədə biliklərinin artırılması olub.
Ağayev Sərxan çıxışında tibb işçisinin yalnız peşəkar bilik və bacarıqları ilə deyil, eyni zamanda davranışı, ünsiyyət mədəniyyəti və etik prinsiplərə münasibəti ilə də pasiyent məmnuniyyətinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, pasiyentlərlə ünsiyyət zamanı diqqətli dinləmənin, aydın və düzgün məlumatlandırmanın, səbirli və nəzakətli münasibətin vacibliyindən danışıb.
Bununla yanaşı, tibb işçilərinin fəaliyyət zamanı məxfilik, məsuliyyətlilik, obyektivlik, qarşılıqlı hörmət və peşəkar ünsiyyət prinsiplərinə əməl etməsinin vacibliyi qeyd olunub.
Sonda mövzu ilə bağlı müzakirələr keçirilib və tibb işçilərinin peşəkar davranışının tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm amillərdən biri olduğu vurğulanıb. Təlimin tibb işçilərinin peşəkar və etik davranış bacarıqlarının möhkəmləndirilməsinə, pasiyentlərlə sağlam kommunikasiya mühitinin formalaşdırılmasına və xidmət keyfiyyətinin daha da artırılmasına töhfə verəcəyi qeyd olunub.