28/08/2025
Fəqərəarası disk yırtığı (Qrija) nə zaman yaranır və necə müalicə olunur?
Disk yırtığı fəqərələrin arasında yerləşən diskin zədələnməsi və sinirlərin sıxılması kimi ifadə edilə bilər. Bu vəziyyət tez-tez şiddətli bel ağrısına və ayağa yayılan ağrıya səbəb olur. Herniasiya onurğanın istənilən səviyyəsində baş verə bilər. Yaşlanma, ağır yük qaldırmaq, bəzi qəfil hərəkətlər və gərginliklər disk yırtığına səbəb ola bilir.
Boyun nahiyəsində fəqərəarası disk yırtıqları: Boyun nahiyəsində C6 kökcüyünü sıxan C5-C6 disk yırtığı C7 kökcüyünü sıxan C6-C7 disk yırtığından daha çox qeyd olunur. C5-C6 və C7-Th1 disk yırtıqları bu ikisindən daha az rast gəlinsə də, hərəkət funksiyasına təsir etdiyi üçün gündəlik həyat fəaliyyətini daha çox pisləşdirir.
Bel-oma nahiyəsində fəqərəarası disk yırtıqları: Disk yırtıqları lateral qeyd olunsa, fəqərəarası dəlikdə sinir kökcüyünü, mərkəzi olsa “at quyruğunu” təşkil edən sinir kökcüklərinin kompressiyası baş verir. Bel-oma nahiyəsində qeyd olunan disk yırtıqlarının 90%- i L4-L5 və L5-S1 arasında olur. L3-L4 arasında və daha yuxarı seqmentlərdə xeyli az hallarda rast gəlinir.
Fəqərəarası disk yırtığının əlamətləri belə başlayır: ağrı, keyləşmə və iynə batma, əzələ zəifliyi, hərəkət məhdudiyyəti.
Bəs bu şikayətlərlə müraciət edən pasiyentlərə nə zaman əməliyyat tövsiyə olunur?
Kliniki Tibbi Mərkəzin tibb üzrə fəlsəfə doktoru, həkim-neyrocərrah Əmrəli Yusifov bildirib ki, bel yırtığının müalicə üsulunun seçilməsində disk yırtığının ölçüsü heç bir əhəmiyyət kəsb etmir. Bəzən insanlar elə düşünür ki, 6-7 mm-dən böyük, bel fəqərə disk yırtıqları mütləq əməliyyat olunmalıdır. Bu yalnış bir fikirdir. İnsan var ki, belində 10 mm disk yırtığı ola bilər, amma siniri ciddi dərəcədə sıxmadığına və ayaqda zəiflik (plegiya, parez) yaratmadığına görə əməliyyatsız üsullarla sağala bilir. Bəzən isə belində 4-5 mm yırtıq ve stenoz ola bilər, amma aylardır aldığı fizioterapiya və dərman müalicəsindən fayda görmürsə və ayaqda getdikcə artan uyuşma, zəifləmə varsa bu tipli pasiyentlər əməliyyat oluna bilərlər. Əgər sadəcə bel və ayaq ağrısı mövcuddursa, ancaq hər hansı bir keylik, ayaq zəifliyi, hərəkət məhdudluğu yoxdursa bu bel yırtığının başlanğıc mərhələsi deməkdir. Bu mərhələdə xəstəyə əzələ relaksasiya edici, qeyri-steroid iltihab ələyhinə dərmanlar verilir. Xəstənin ağrıları davam edirsə və ya əzələ zəifliyi, baldırda arıqlama, sidik saxlamada problemlər, dözülməz ağrılar mövcuddursa və icra olunan müalicələr effektsizdirsə bu hallarda əməliyyat mütləqdir.